2004-cü ildə qeydiyyatdan keçən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının yaranma ideyası Koreya idman növü olan taekvondo ilə bağlıdır. Azərbaycanda taekvondoya artan maraq bu idman növü ilə yanaşı, digər sahələr üzrə də Koreya Respublikası ilə əməkdaşlığa təkan verdi.
2005-ci ildən indiyədək keçirilən əsas tədbirlərimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (indiki Azərbaycan Mədəniyyət Fondu) Prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilmişdir.
Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında səhiyyə, elm, arxeologiya, təhsil, mədəniyyət, incəsənət və s. sahələrdə əməkdaşlığın yaranmasına və inkişaf etdirilməsinə mühüm töhfələr verən SEBA Assosiasiyası hər iki ölkədə bir sıra uğurlu layihələrə imza atmışdır. Bunlara Koreya və Azərbaycanda mədəniyyət günləri, rəsm və incəsənət sərgiləri, konsertlər, kino, moda nümayişi, kulinariya təqdimatları, kitab və kataloq nəşrləri, səhiyyə və xeyriyyəçilik layihələri, o cümlədən Bakıda ilk və yeganə olan Koreya Şərq Təbabəti Klinikasının açılışını və s. misal göstərmək olar.
Hər biriniz bu sayt vasitəsi ilə SEBA Assosiasiyasının geniş fəaliyyəti ilə yaxından tanış ola bilərsiniz. Ümidvarıq ki, bu tanışlıq sizdə təşkilatımız haqqında aydın təəssürat yaradacaq. Siz, eyni zamanda Koreya Şərq Təbabəti Klinikasında çalışan həkimlərlə canlı ünsiyyət qurmaq, 2500 illik tarixi olan qədim Qəbələ, onun ərazisində konservasiya olunmuş arxeoloji qazıntı sahələri, habelə Qəbələ Arxeoloji Mərkəzi ilə də tanışlıq imkanı qazanacaqsınız.
Gələcək tədbirlərimizdə hər birinizi görmək ümidi ilə.
Qəbələ şəhəri Qafqaz Albaniyasının əsas şəhəri-paytaxtı kimi (“Kabalaka” adı ilə) yazılı mənbələrdə eramızın I əsrindən məlumdur (Roma müəllifi Böyük Plininin “Təbii tarix”əsərinə görə). Lakin arxeoloji tədqiqatlar şəhərin yaranma vaxtını bir qədər əvvələ - eramızdan əvvəl 5-ci əsrə aid edir. Beləliklə, deyə bilərik ki, Qəbələ şəhərinin 2500 illik tarixi var (İlyas Babayev, Teymur Bünyatov və başqalarına görə).
Daha ətraflı